Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 12.12.2025-ci il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Tədbiri giriş sözü ilə kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov açaraq iştirakçıları salamladı, Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışdı. Bildirdi ki, Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, müdrikliyində və milli məfkurəyə bağlılığında idi. İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq.
Sonra çıxış edən kollecin müəllimi Səidə Quliyeva Heydər Əliyevin unikal şəxsiyyət, güclü iradə sahibi və siyasət ustası kimi böyük heyranlıq yaratdığını, mükəmməl xarici, həmçinin daxili siyasətinin Azərbaycana qazandırdığı uğurların qürurverici olduğunu dedi. O, Azərbaycanı qüdrətli dövlətə, beynəlxalq auditoriyalarda söz sahibinə çevirən Heydər Əliyevin həyatının çağdaş gəncliyə və bütün gələcək nəsillərə örnək olacağını vurğuladı.
Kollecin tələbəsi Sultanova Zəhra çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanı güclü təməllər üzərində inkişaf etdirdiyini, dövlət maraqlarını daim qoruduğunu, milli həmrəyliyə nail olduğunu vurğuladı.