03 iyun 2025-ci il tarixində Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində narkomaniyaya qarşı mübarizə məqsədilə “Səssiz Qatil: Narkomaniya” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad müəllim açaraq qeyd etmişdir ki, narkomaniya bəşəriyyətin üzləşdiyi ən təhlükəli sosial bəla olmaqla yanaşı, xüsusilə gənclər arasında geniş yayılmaqda davam edir. O, narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu zərərlər barədə geniş məlumat vermiş və bu bəlaya qarşı hər kəsin fəal mübarizə aparmasının vacibliyini vurğulamışdır.
Daha sonra çıxış edən müəllim və tələbələr narkomaniyanın fəsadları, onun cəmiyyətə və ailələrə vurduğu zərbələr, eyni zamanda hüquqi məsuliyyətlər haqqında məlumatlarla çıxış etmişlər. Tədbir zamanı videoçarx nümayiş olunmuş, real həyat hekayələri əsasında nümunələr təqdim edilmişdir.
Maarifləndirici tədbirin əsas məqsədi gənclərin diqqətini narkotik vasitələrin yaratdığı təhlükələrə yönəltmək, onlarda sağlam həyat tərzinə maraq yaratmaq və zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyətini aşılamaq olmuşdur.
Sonda iştirakçılar arasında interaktiv müzakirə aparılmış, suallar cavablandırılmış və təşəbbüskar tələbələr təşəkkürnamə ilə təltif olunmuşlar.