Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 30 may 2025-ci il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Şer və Mahnı Müsabiqəsi keçirilib.
Tədbirin əsas məqsədi tələbələr arasında bədii yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, onların ədəbi və musiqi istedadlarını üzə çıxarmaqla yanaşı, gənclərdə Heydər Əliyev irsinə olan marağı artırmaq və vətənpərvərlik ruhunu möhkəmləndirmək olub.
Müsabiqədə kollec tələbələri müxtəlif mövzularda şeirlər səsləndirib, klassik və müasir musiqilərdən ibarət mahnılar ifa ediblər. Çıxışlar zamanı Ulu Öndərin həyat yolu, dövlətçilik sahəsindəki misilsiz xidmətləri və Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb.
Tədbirin sonunda münsiflər heyətinin qərarı ilə fərqlənən iştirakçılara fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Bu cür tədbirlər tələbələrin mədəni-estetik inkişafına təkan verir və onların sosial aktivliyini artırmaqla yanaşı, milli-mənəvi dəyərlərə bağlı bir nəsil yetişməsinə dəstək olur.