Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 26.05.2025-ci il tarixində «Korrupsiyanın Hüquqi və Sosial Təsirləri: Gənclərin Rolu və Məsuliyyəti».

    Bu gün korrupsiyaya qarşı mübarizə təkcə dövlət qurumlarının deyil, həm də cəmiyyətin hər bir üzvünün, xüsusilə də gənclərin üzərinə düşən vacib vəzifələrdəndir. Məhz bu məqsədlə Texniki  Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin hüquqşünası Vəfa Hacıyevanın iştirakı ilə “Korrupsiyanın Hüquqi və Sosial Təsirləri: Gənclərin Rolu və Məsuliyyəti” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.

    Tədbir zamanı hüquqşünas Vəfa Hacıyeva korrupsiyanın anlayışı, hüquqi tənzimlənməsi və onun cəmiyyətə vurduğu dərin mənəvi və iqtisadi zərərlər haqqında geniş məlumat vermişdir. O qeyd etmişdir ki, korrupsiya yalnız qanun pozuntusu deyil, həm də cəmiyyətin mənəvi sütunlarını sarsıdan təhlükəli bir sosial bəladır.

Çıxış zamanı Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə üzrə hüquqi çərçivəsinə, o cümlədən Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq maddələrə toxunulmuş, bu sahədə beynəlxalq təcrübələrə də nəzər salınmışdır.

    Təqdimat zamanı proyektor vasitəsilə interaktiv slaydlar nümayiş etdirilmiş, iştirakçılara real həyatdan götürülmüş nümunələr əsasında mövzu daha aydın şəkildə izah edilmişdir. Auditoriyada iştirak edən tələbələr və müəllim heyəti mövzuya böyük maraq göstərmiş, sual-cavab sessiyası zamanı fəal müzakirələr aparılmışdır.

  Vəfa Hacıyeva gənclərin bu prosesdəki rolunu xüsusi vurğulayaraq qeyd etmişdir ki, şəffaf cəmiyyətin qurulması yalnız hüquqi tədbirlərlə deyil, həm də vicdanlı və məsuliyyətli gənc nəslin yetişməsi ilə mümkündür.

   Tədbirin sonunda iştirakçılar korrupsiyaya qarşı mübarizədə maarifləndirmə işlərinin davamlı olmasının vacibliyini vurğulamış, bu kimi görüşlərin gənclər arasında hüquqi biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişlər.

Прокрутить вверх