Azərbaycan Texniki Universitetinin nəzdindəki Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 23.05.2025-ci il tarixdə “İnsan Hüquqları Aylığı” çərçivəsində «Azadlıq və Təhlükəsizlik: İnsan Hüquqlarının Müdafiəsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.

     Tədbirdə kollecin hüquq müəllimi Kəmalə Tağıyeva  çıxış edərək bildirmişdir ki, bugün burada “Azadlıq və Təhlükəsizlik: İnsan Hüquqlarının Müdafiəsi” mövzusunda müzakirə aparmaq üçün toplaşmışıq. Bu mövzu, insan hüquqları sahəsindəki ən vacib məsələlərdən biridir, çünki azadlıq və təhlükəsizlik arasındakı tarazlıq hər bir cəmiyyətin hüquqi və etik təməlini təşkil edir.

    İlk öncə, azadlıq və təhlükəsizlik anlayışlarını müzakirə edək. Azadlıq, insanın öz fikirlərini ifadə etmə, hərəkət etmə və həyatını istədiyi kimi qurma hüququdur. Təhlükəsizlik isə, insanın həyatının, sağlamlığının, əmlakının və ümumiyyətlə, şəxsiyyətinin qorunmasını təmin edən bir şəraitdir.

      Bunlar bir-birini tamamlayıcı anlayışlar olsa da, bir çox hallarda bu iki hüquq arasında balansın tapılması çətinləşir. Məsələn, bir tərəfdən biz hər bir fərdin şəxsi azadlıqlarının qorunmasını tələb edirik, digər tərəfdən isə cəmiyyəti qorumaq üçün təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac duyuruq. Bu vəziyyət, xüsusilə dövlətin hüquqi və inzibati tədbirləri tətbiq etdiyi zaman daha da mürəkkəbləşir.

    Beynəlxalq hüquqda, insan hüquqlarının müdafiəsi, bütün insanların bərabər, azad və ləyaqətli şəkildə yaşaması üçün mühüm əsasdır. Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi və digər beynəlxalq sənədlər, azadlıq və təhlükəsizlik hüquqlarının qorunmasını tələb edir. Bu sənədlərdə qeyd edilir ki, hər bir şəxs fiziki və zehni zorakılığa qarşı qorunmalıdır, öz fikrini ifadə etmək, yığıncaq keçirmək, sərbəst hərəkət etmək hüququna sahibdir.

Tədbirin sonunda iştirakçılar tərəfindən müxtəlif mövzularda suallar verilmiş, müzakirələr aparılmışdır.

Прокрутить вверх