Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 20.05.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin məsul şəxslərinin iştirakı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.
Tədbirdə çıxış edən direktor müavini Şahmurad Məmmədov bildirmişdir ki, müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də insan alveridir. Bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizələrdən biri də insan alverinə qarşı mübarizədir. İnsan alverinə qarşı mübarizə ölkəmizdə də geniş vüsət alıb.
Çıxış edən Daxili İşlər Nazirliyinin “İnsan alveri”nə qarşı mübarizə İdarəsinin məsul işçisi insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, ölkəmizdə bu sahədə qanunvericilik bazası və insan alverinə qarşı mübarizə tədbirlərindən ətraflı bəhs etmişdir.
İnteraktiv şəraitdə keçən tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.