Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 5 Oktyabr — Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir təşkil olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə kollecin HİK sədri Aygün Musayeva kollecin müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb. Gənc nəslin formalaşmasında müəllimlərin misilsiz rolundan söz açan Aygün Musayeva müəllimliyin insanın ömürlük missiyası olduğunu bildirib. Müəllimin yalnız bilik ötürən deyil, həm də həyat dərsi verən şəxs olduğunu diqqətə çatdıran HİK sədri onların əziyyətlərinin ən böyük bəhrəsinin yetişdirdikləri savadlı, vicdanlı və vətənpərvər gənclər olduğunu qeyd edib.
Sonra kollecin tərbiyə işləri üzrə director müavini Şahmurad Məmmədov çıxış edib. O, müəllimlik peşəsini öz həyatının mənası kimi dəyərləndirdiyini bildirib, ömrünü gənc nəslin savadlı, vətənpərvər və vicdanlı yetişməsinə həsr etməkdən qürur duyduğunu vurğulayıb.
Daha sonra təhsil sahəsində uğurlar qazanan bir qrup müəllim fəxri fərmanla təltif ediliblər. Onların pedaqoji fəaliyyətinə və kollecin inkişafına verdikləri töhfələrə görə xüsusi minnətdarlıq bildirilib.
.