27 sentyabr 2025-ci ildə Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Anım Günü ilə əlaqədar kollecin müəllim və tələbə heyətinin iştir akı ilə tədbir keçirilmişdir. Tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini Məmmədov Şahmurad müəllim çıxış etmişdir. Şahmurad müəllim çıxışında qeyd etdi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfər yürüşümüzün — Vətən müharibəsinin başlamasından 5 il keçir. Məhz 2020-ci ilin payızında Azərbaycan Ordusunun əsgərindən yüksəkrütbəli zabitinədək hər bir mənsubu öz canı, qanı bahasına 30 ildən sonra təqvimdəki işğal tarixlərini Qələbə günləri ilə əvəz etdi.
Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Silahlı Qüvvələrimizin peşəkarlığının, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.