Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 04.11.2024-cü il tarixdə “Narkomaniya-ağ ölüm” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.
Tədbirdə çıxış edən direktor müavini Şahmurad Məmmədov bildirmişdir ki, müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də nakomaniyadır. El arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır.
Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçməmişdir. Doğrudur, bir sıra dünya ölkələri ilə müqayisədə ölkəmizdə narkotizm o qədər geniş yayılmasa da, mövcuddur və ciddi mübarizələrə rəğmən yenə də artmaqdadır.
Vaxtilə işğala məruz qalmış ərazilərdə də xeyli sayda narkotik laboratoriyalar fəaliyyət göstərmişdir. Düşmən silahlı münaqişə nəticəsində nəzarətsiz qalmış Azərbaycan ərazilərindən narkotiklərin becərilməsi, satılması və tranziti, eyni zamanda, transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz zona kimi istifadə etmiş, hər il dünya bazarlarına on tonlarla narkotik maddələr çıxarmışdır.
Sonra çıxış edənlər qeyd etmişlər ki, narkomaniyanın cəmiyyətdə, xüsusilə gənc nəslin arasında yayılma səbəblərindən biri də narkotik vasitələrin insan orqanizmində törədə biləcəyi ağır fəsadlar haqqında cəmiyyətin məlumatsızlığının olmasıdır. Xüsusilə bu sahədə təbliğatın aşağı səviyyədə aparılması gənclərin bu bəlanın ağuşuna hazır yem kimi atılmasına münbit şərait yaradır. Bu məqsədlə sağlam həyat tərzinin cəmiyyətdə, xüsusilə gənclər arasında təbliği üçün yeniyetmə və gənclər arasında bəşəriyyəti dərindən düşündürən və onu narahat edən ən ciddi problemlərdən biri kimi narkomaniya və onun törətdiyi ağır fəsadlar haqqında düzgün maarifləndirici tədbirlərin intensiv hal alması olduqca zəruridir.
Gəlin birlikdə planetimizin ən qlobal problemlərindən birinə çevrilən, gənclərimizi ölümün ağuşuna alan, cəmiyyətimizin mənəvi və intellektual potensialının aşınmasına səbəb olan, genofondumuza sarsıdıcı, ağır və sağalmaz zərbələr vuran bu bəlaya – narkomaniyaya “YOX” deyək. Öz ailəmizi, əzizlərimizi, çevrəmizi, ümumilikdə xalqımızı bu bəladan qoruyaq. Bu bəlaya düçar olmuş və ondan əziyyət çəkən vətəndaşlarımızı isə cəmiyyətdən təcrid etməyək, əksinə onlara öz yardım əlimizi uzadaq.
Sonda “Narkomaniya-ağ ölüm” adlı sənədli film nümayiş etdirilmişdir