Xocalı soyqırımının 30 illiyinə həsr olunan tədbir keçirilib

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Xocalı soyqırımının 30 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə əvvəlcə faciə qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub

Tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov 30 il qabaq ermənilərin Xocalıda törətdikləri faciələri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırım aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi. Səkkiz ailə tamamilə məhv edilib. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır.

Sonra tələbələr Xocalı soyqırımına həsr olunan şeirlər səsləndirmişlər.

Dəhşətli Xocalı soyqırımı unudulmamalı, gec də olsa, nəhayət, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir