Xalqın qəhrəmanlıq simvolu – Mübariz İbrahimov

Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.

Kollecin “Azərbaycan dili və ədəbiyyat” fənn birləşmə komissiyasının sədri Abdinova Rahilə Hüseynağa qızı Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimov barədə yazdığı məqalə “Ədalət” qəzetində çap olunmuşdur. Məqaləni olduğu kimi dərc edirik. 

XALQIN QƏHRƏMANLIQ SİMVOLU

(Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə)

Uzaqdan, lap uzaqdan yazmaq istəyirəm. Elə uzaqdan ki, günün hava məlumatlarında belə o yerin adı çəkilmirdi. Paytaxtdan cəmi 186 km uzaqlıqda yerləşsə də, çox uzaq görünürdü. Həmin yerin nə əzəmətli dağları, nə sərin bulaqları, nə də yaşıl meşələri var.

Uzaqlıqda yerləşməsinə baxmayaraq, buralarda da analar dünyaya övladlar gətirir, atalar övladlarına Vətən, torpaq sevgisindən söhbət açır. Beləcə əzəmətli dağları olmasa da, həmin yerin, həmin torpağın əzəmətli övladları böyüyür…

Bir səhər bütün Azərbaycan və Azərbaycanla bərabər bütün diqqətini Azərbaycandakı maraqlarına verən dünya dövlətləri və güclü dünya dövlətlərinin əlində oyuncağa çevrilmiş Ermənistan nagahan həmin yerin əzəmətli övladlarından birinin səsinə (sözün həqiqi və məcazi mənalarında) yuxudan hövlnak oyandı.

Həmin igid elə bil nağılların içindən gəlmişdi. Həmin igid öz cəsarəti, əzəməti, qorxmazlığı, gücü, qüdrəti, sevgisi, məhəbbəti, vətəndaşlığı, vətənpərvərliyi, ən nəhayət düşmənə sonsuz nifrəti ilə çoxlarına dərs verdi. Onun gecəni oyadan, düşməni lərzəyə salan, düşmən qüvvələrini pərən-pərən edən əfsanəvi qəhrəmanlığına çoxları da inanmadı və ya inanmaq istəmədi. Amma  da tarixi bir fakt idi ki, həmin igid Azərbaycanımızın şanlı qəhrəmanlıq tarixinə hamımızın illər bəri susadığı şanlı və əbədi bir səhifəsini yazdı.

O, hamıya sözün əsl mənasında “Vətən” dərsi verdi. O, “Vətən” deyib necə döyüşməyi və necə şəhid olmağı bizə öyrətdi. O igid şəhidliyin, türkçülüyün, Azərbaycançılığın, vətəndaşlığın zirvəsinə ucaldı.

Və əbədi olaraq öz zirvəsində qalacaq!

Bəli, “Vətən” deyib döyüşən, yağı düşmənə layiqli dərs verən bu əzəmətli oğul Mübariz İbrahimov idi. Bu azman qəhrəman sübut etdi ki, oğullar heç də döşəkdə ölmək üçün doğulmayıb, bayraq yellərə verilmək üçün ucalığa qaldırılmayıb.

… Mübarizə bu adı qoyan valideynləri də yanılmamışdılar. O həm də öz qəhrəmanlıqları ilə ona qoyulmuş “Mübariz” adının əsl mənasını açdı və doğrultdu. Mübariz düşmənlə mübarizənin necə aparılması fəlsəfəsini və məntiqini ortaya qoydu.

Dünyanın ən böyük bayrağı kimi Ginnesin rekordlar kitabına düşən Azərbaycan bayrağı eyni zamanda Mübariz İbrahimovun sayəsinə bütün dünya insanlarının yaddaşına həkk olundu. Belə böyük bir bayrağın belə əzəmətli qəhrəmanlarının olmasını məhz Mübariz İbrahimov bir daha təsdiqlədi. Nağıl və dastanlarımızda öyülən xalq qəhrəmanlarının çox mübaliğəli şəkildə önə çəkənlərə bu gün deməyə sözümüz var: bəli, Azərbaycan qəhrəmanları təkbaşına bir ordunun qarşısına çıxa bilmək bacarığına malikdirlər. Bəli, xalq qəhrəmanlarımızın xələfi kimi Mübariz ibrahimov bizim fəxr yerimiz, inancımız, etiqadımızdır. Yeri gəlmişkən, müqəddəs yeddi rəqəmi Mübarizin dünyaya gəlim və ana torpağa tapşırıldığı tarixdir….

Torpaq insana can verir, insan isə əvəzində ona şan-şöhrət gətirir, onu ucaldır. Əlbəttə ki, Mübariz kimi seçilmiş insan! Gözdən uzaq könüldən iraq uzaq Biləsuvar torpağı indi səcdəgaha, məbədgaha dönüb. İndi bu səcdəgahda doğulan insanlar daha doğma, daha əziz olublar. Bu torpağın oğlanları daha qorxmaz, qızları daha cəsur görünürlər. Bu torpaq bütün türk dünyasının fəxr yeri, qürur mənbəyinə çevrilib. Ruhun şad olsun, Mübariz!

Rahilə Abdinova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir