Tələbə qəbulu

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə tələbə qəbulu

 

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci dövlət təhsil müəssisəsidir. Kollecdə müxtəlif ixtisaslar üzrə ümumi orta təhsil bazasından (9 illik) və tam orta təhsil bazasından (11 illik)  tələbə qəbulu aparılır. 9 illik təhsil bazasından və  11 illik təhsil bazasından Azərbaycan və Rus dillərində qəbul aparılır.

Sənəd qəbulu 9 illik və 11 illik təhsil bazasından TQDK tərəfindən İnternet vasitəsi ilə aparılır. Ümumtəhsil məktəbinin 9-cu və 11-ci siniflərini cari ildə bitirən  abituriyentlər orta məktəbdə buraxılış imtahanın nəticələrinə əsasən müsabiqədə iştirak edir. Orta ümumtəhsil məktəbinin 9-cu və 11-ci siniflərini  əvvəlki illərdə bitirən abituriyentlər üçün DİM tərəfindən test üsulu ilə qəbul imtahanı keçirilir.

Müsabiqədə iştirak ödənişlidir.”Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği (20 AZN) kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdikdən (etdirdikdən) sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) test imtahanı verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2021-ci ildə bu imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi orta təhsil   müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanından nisbi balı ən azı 50 olduğu halda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahan üzrə nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar və Azərbaycan dili (dövlət dili kimi) fənnindən yenidən imtahan verirlər. Bu halda abituriyentlər imtahanda iştirak etmək üçün müvafiq qaydada ödəniş edirlər.

İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər buraxılırlar.

Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanından topladığı ümumi bal əsasında aparılır.

 

Internet saytları:
www.tqdk.gov.az
wap.tqdk.gov.az
www.abituriyent.az