Tələbələrin qeydiyyatı

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az   platforması vasitəsilə 10.09.2021-ci il tarixindən   23.09.2021-ci il tarixinədək   aparılacaq

ƏN ÇOX VERİLƏN SUALLAR (ORTA İXTİSAS TƏHSİLİ ÜZRƏ QEYDİYYAT)

Sual 1. Orta ixtisas təhsili pilləsinə necə qeydiyyatdan keçməliyəm?
Orta ixtisas təhsil müəssisələrinin orta ixtisas təhsili pilləsinə qəbul olmuş şəxslər ilk öncə
“portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq
“Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı”
xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.

Sual 2. Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyatdan keçməliyəm?
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur. Amma
müraciətinizi qəbul olduğunuz müəssisəyə göndərməmisinizsə, mütləq “Ali və orta ixtisas təhsili
müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə, müraciətinizi qəbul olduğunuz təhsil
müəssisəsinə göndərməlisiniz.

Sual 3. Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?
Şəxsi kabinetə giriş üçün istifadə etdiyiniz şifrəni unutduğunuz halda əsas səhifədən “Şifrəni
unutdun?” düyməsini sıxaraq açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan
növbəti pəncərədə mobil nömrənizin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodunu
yazdıqdan sonra yeni şifrə təyin edilməlidir.

Sual 4. Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını”
xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.

Sual 5. Orta ixtisas pilləsinə müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?
Bildiyiniz kimi orta ixtisas pilləsinə qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata
keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə,
ümumi DİM vasitəsilə seçimini etməlisiniz.

Sual 6. Şəxsi məlumatlarımı necə daxil etməliyəm?
Şəxsi məlumatlarınız şəxsiyyət vəsiqənizin FİN-i vasitəsilə avtomatik əks olunur. Yəni, hər hansı
məlumatı daxil etməyinizə ehtiyac yoxdur.
FİN-i olmayan əcnəbilər müvafiq sənədi seçməklə təqdim olunan mövcud xanaları əl ilə
doldurulmalıdırlar.

Sual 7. Şəxsi məlumatlarımdakı elektron poçt və ya mobil nömrə mənə aid deyil, nə
etməliyəm?
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və ya elektron poçt şəxsi
məlumatlarınızda əks olunmuşdur. Bunu 146 xidməti vasitəsilə Təhsil Nazirliyinə bildirməyiniz xahiş
olunur.

Sual 8. Sənədlərimi hansı formatda əlavə edim?
Eyni sənədin bir neçə səhifəsi varsa, onu skan edərkən, 1 PDF faylda birləşdirərək əlavə etməlisiniz.

Sual 9. Hansı sənədləri əlavə etməliyəm?
Attestatın surəti: Məcburi sənəddir. Bu sənəd mütləq yüklənməlidir.
İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün):
Məcburi sənəddir. Bu sənəd mütləq yüklənməlidir.
Şəxsiyyəti təsdiq edən vəsiqənin əsli: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb
olunarsa “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)”
xanasına əlavə edilə bilər.
Ağ fonda 3×4 ölçüdə fotoşəkil: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsa “Əlavə
sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə
bilər.
Sağlamlıq haqqında arayışın surəti: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsa
“Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə
edilə bilər.
“Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanası:
Adından göründüyü kimi bu xanaya müəssisənin tələb etdiyi sənədlər yüklənə bilər. Xananın
yanındakı + (Əlavə et) düyməsinə sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkanı yaranır.

Sual 10. Sənədlərin hansı xanalara əlavə edilməsi mütləqdir?
“Müraciət et” və ya “Yadda saxla” düymələrini sıxdığınız zaman qırmızı rəng alan bütün xanalara
tələb olunan sənədi əlavə etməlisiniz.

Sual 11. Əlavə sənədlər əlavə etmək istəyirəm, amma xana sayı azdır, nə etməliyəm?
“Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanası:
Adından göründüyü kimi bu xanaya müəssisənin tələb etdiyi sənədlər yüklənə bilər. Xananın
yanındakı + (Əlavə et) düyməsini sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkan yaranır.

Sual 12. Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənə bilərəm?
Müraciətinizə münasibəti şəxsi kabinetinizdə “Ali və Orta İxtisas Təhsili Müəssisələrinə
Təhsilalan Qeydiyyatı” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində Statusların
tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Statuslar dərhal yenilənməyə bilər, çünki müraciət etdiyiniz
təhsil müəssisənin müraciəti araşdırması və yoxlaması müəyyən vaxt tələb edir. Həmçinin,
qeydiyyatını tamamlayaraq təsdiq etmiş bütün müraciətlərin izlənməsinə nəzarət Təhsil Nazirliyi
tərəfindən də, həyata keçirilir.

Sual 13. Təhsil haqqından azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem
vasitəsilə edə bilərəm?
Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa, şəxsi və qəbul
məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza “Güzəştli qəbul” addımı çıxacaqdır.
Burada “Bəli” seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq
üçün müraciət edə bilərsiniz.
23 yaşı tamam olmuş ödənişli tələbələr üçün “Valideyn himayəsindən məhrum olmuş uşaq və
onlar arasından olan şəxslər” seçimi görünmür və onlar bu güzəştdən “Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununa uyğun olaraq istifadə edə bilmirlər.

Sual 14. Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə “Güzəştli qəbul edildi” statusu təyin etməklə sizə şəxsi
kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir. Müraciətinizə münasibəti şəxsi kabinetinizdə “Ali və
Orta İxtisas Təhsili Müəssisələrinə Təhsilalan Qeydiyyatı” xidmətinə daxil olaraq, “Ümumi
məlumatlar” səhifəsində Statusların tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Statuslar dərhal
yenilənməyə bilər, çünki müraciət etdiyiniz təhsil müəssisəsinin müraciəti araşdırması və yoxlaması
müəyyən vaxt tələb edir. Həmçinin, qeydiyyatını tamamlayaraq, təsdiq etmiş bütün müraciətlərin
izlənməsinə nəzarət Təhsil Nazirliyi tərəfindən də, həyata keçirilir.

Sual 15. Valideyn məlumatlarını daxil etmək üçün xanalar görünmədikdə, valideyn
məlumatlarımı necə daxil etməliyəm?
Valideyn məlumatları yalnız aşağıdakı şəxslər üçün görünür:
1. Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında təhsil haqqı
güzəştindən istifadə etmək istədiyini bildirən şəxslər;
2. Dövlət sifarişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında
müəyyən olunmuş təqaüdün 2 mislindən az olmayan məbləğdə təqaüd istədiyini bildirən 23
yaşı tamam olmamış şəxslər.
Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş şəxs Güzəştli qəbul addımında təhsil haqqı
güzəştindən istifadə etmək istədiyini bildirsə də, aşağıdakı sosial kateqoriyalar seçildikdə valideyn
məlumatlarının daxil edilməsi üçün addım və xanalar görünmür.
1. I və II dərəcə əlilliyi olan şəxslər;
2. Sağlamlıq imkanları məhdud 18 yaşınadək olan şəxs;
3. Məcburi köçkün statusu olan şəxs.
Qeyd: Valideyni III qrup əlil olan şəxslərin uşaqları “Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası
Qanununa uyğun olaraq təhsil haqqı güzəştindən yararlana bilməzlər.

Sual 16. Valideynim vəfat etdiyinə və ya məlum olmadığına görə FİN-ni bilmədikdə, FİN daxil
etməyə bilərəm?
Valideyni məlum olmayan, valideyni vəfat etmiş və ya itkin düşmüş şəxslər valideyn FİN-ni daxil
etmədən növbəti addıma keçə bilərlər. Amma həmin şəxslərin valideynlərinin FİN-ni tapıb daxil
etmələri onların təhsil haqqı güzəştindən istifadə edilməsi üçün çevik qərarın verilməsində böyük
əhəmiyyətə malikdir.

Sual 17. Təhsil haqqımı hansı formada ödəməliyəm?
Təhsil haqqınızı portal.edu.az, gpp.az və ya bank vasitəsi ilə ödəyə bilərsiniz. Bunun üçün ilk öncə
“portal.edu.az” saytında qeydiyyatdan keçməli, “Ali və orta ixtisas təhsili müəsssisələrinə
təhsilalan qeydiyyatı” xidməti vasitəsi ilə qəbul olduğunuz təhsil müəssisənizə müraciət etməlisiniz.
Müraciətiniz göndərildikdən sonra təhsil müəssisəsi tərəfindən sənədləriniz yoxlanılacaq və müvafiq
olaraq onlara Ödəniş edilməlidir statusu təyin ediləcək. Ödəniş edilməlidir statusu təyin edildikdən
sonra ödənişi qeyd olunan vasitələrlə ödəyə bilərsiniz.
Ödəniş etmək üçün detallı izahlar:
Addım 1:
Tələbə şəxsi kabinetilə ödəniş edə bilər.
Addım 2:
Tələbə “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər.
Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ORTA
İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq
məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər.
Addım 3:
Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq Hökumət
ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir, FİN və ya ATİS-də formalaşan
invoysu təqdim edərək ödəniş edir.
Addım 4: Xidmətindən istifadə etdiyi bankın mobil aplikasiyası vasitəsilə ödənişləri həmin
aplikasiyanın müvfiq bölməsindən edə bilər.

Sual 18. Ödəniş qəbzi əlavə edirəm, amma status Ödəniş edilməlidir olaraq qalır. Müəssisə
sənədlərimi qəbul edəcək?
Ödəniş qəbzi əlavə etdikdən sonra status dəyişmir. Siz çeki əlavə etdikdə, əlavə etdiyiniz ödəniş
qəbzi müəssisəyə yönləndirilir və müəssisə yoxladıqdan sonra sistem vasitəsilə statusu
dəyişəcəkdir. Gözləməyiniz xahiş olunur.

Sual 19. Müraciət etmişəm ödəniş addımı görünmür. Nə etməliyəm?
Portalda ödəniş addımı yalnız müəssisə tərəfindən ödəniş edilməlidir statusu təyin edildikdən sonra
görünür. Lakin daha tez ödəniş etmək istəyirsinizsə, gpp.az, xidmətindən istifadə etdiyiniz bankdakı
şəxsi kabinetinizdən və ya banka yaxınlaşaraq ödəniş edə bilərsiniz.

Sual 20. Qeydiyyatdan keçmədən ödəniş edə bilərəm?
Qeydiyyatdan keçmədən ödəniş etməməyiniz xahiş olunur.

Sual 21. İki təhsil müəssisəsindən qəbul almışam, seçimi necə davam etdirməliyəm?
Qəbul xətti seçimi mərhələsinə gəldikdə, sistem tərəfindən sizə xəbərdarlıq ediləcək ki, siz iki təhsil
müəssisəsinə qəbul olmusunuz, lakin yalnız bir təhsil müəssisəsi seçmək imkanınız var və seçim
etdikdən sonra yenidən seçim imkanınız olmayacaq.
Yalnız ilk müraciət etdiyiniz müəssisə imtina statusu (Qəbul edilməsi və ya Vətəndaş imtina etdi)
təyin etdikdən sonra digər qəbul olduğunuz müəssisəyə yeni müraciət göndərmək imkanınız
yaranacaqdır.

Sual 22. İki təhsil müəssisəsindən birini seçib müraciəti göndərdikdən sonra fikrimi
dəyişərəmsə nə edə bilərəm?
Yalnız ilk müraciət etdiyiniz müəssisə imtina statusu (Qəbul edilməsi və ya Vətəndaş imtina etdi)
təyin etdikdən sonra digər qəbul olduğunuz müəssisəyə müraciət göndərmək imkanınız
yaranacaqdır.

portal.edu.az –  YÜKLƏNƏCƏK  SƏNƏDLƏR:

  1.  9-illik təhsil haqqında Attestaın surəti

  2. 4 ədəd fotoşəkil

  3. Şəxsiyyət vəsiqəsinin surəti

  4. Sağlamlıq haqqında arayış

 

Abituriyent  qeydiyyat mərkəzləri

 

Təhsil haqları dövlət vəsaiti hesabına ödəniləcək abituriyentlər :

1. Məcburi köçkünlər.

2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları.

3. Şəhid ailəsi statusunu almış ailənin üzvləri.

4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli  Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş, hər iki valideynin himayəsindən məhrum olmuş  və ya bir valideyni vəfat etmiş digər valideyni isə I və II qrup əlil olan 23 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

5. Sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslər, I və II qrup əlillər.

 

rekvizit

 

Telefon 012-431-42-28

Mühasibat: 012-431-61-33