Tələbələrin nizam-intizam qaydaları

  1. Ümumi müddəalar

 

  • “Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tələbənin nizam-intizam Qaydaları” (bundan sonra- “Qaydalar”) Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində (bundan sonra Kollec) qadağan olunan və ya tələbə adına, şərəf və ləyaqətinə uyğun olmayan hərəkətlər edən tələbələrə qarşı tətbiq ediləcək intizam tədbirlərini, onların tətbiq edilməsi prosedurunu müəyyən edən qaydalar məcmusudur
  • Bu qaydalar Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa Kollecin Nizamnaməsinə uyğun olaraq hazırlanmışdır.
  • Bu qaydalar Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təhsil alan hər bir tələbəyə şamil olunur.
  • Bu qaydaların tətbiqi zamanı aşağıdakı prinsiplər əsas götürülür.
    • Bərabərlik prinsipi : intizam qaydalarını pozmuş tələbələr irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, maddi vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq intizam məsuliyyətinə cəlb olunurlar.
    • Ədalət prinsipi: intizam qaydalarını pozmuş tələbəyə tətbiq edilən intizam tənbehi ədalətli olmalıdır, yəni pozuntunun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır.
    • Humanizm prinsipi: intizam qaydalarını pozmuş tələbəyə tətbiq edilən intizam tənbehi insan ləyaqətini alçatmaq məqsədi daşıya bilməz.

 

  1. Ümumi tələblər

2.1 Kollecdə təhsil alan hər bir tələbə aşağıdakılara riayət etməlidir.

2.1.1 Kollecin Nizamnaməsinə, əsasnamələrinə, direktorun əmr və sərəncamlarına, Pedaqoji Şuranın qərarlarına və digər qaydalara riayət etməlidir.

2.1.2 Kollecin əmlakını qorumalı, üzləşdiyi pozuntular  haqqında  kollecin məsul işçilərinə məlumat verməlidir.

2.1.3 Tələbə adına yaraşmayan və qadağan edilmiş hərəkətlərə yol verməməli, kollecdə səliqə-səhmanın yaradılmasına və qorunmasına dəstək verməli, dərs prosesinin normal gedişinə mane olan hərəkətlər etməməli, tələbə yoldaşlarına, kollec əməkdaşlarına qarşı diqqətli olmalı, hörmət etməlidir.

2.1.4 Kollecin nüfuzuna, mənəvi dəyərlərinə zidd hərəkətlər etməməlidir.

2.1.5 Milli dəyərlərə hörmət etməli, onları qorumalıdır.

2.1.6 Milli mentalitetə uyğun olmayan xarici görkəmdə gəlməməlidir.

 

III. İntizam tədbirləri və onların tətbiq qaydaları

3.1 Tələbə kollecdə nizam-intizamı pozduqda  ona qarşı aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilə bilər.

3.1.1 Töhmət;

3.1.2 Şiddətli töhmət

3.1.3  Kollecdən xaric etmə ( bir semestr, iki semestr və ya daha uzun müddətə);

3.2 Tələbə təkrarən pozuntu törətdiyi halda onun barəsində daha ağır intizam tədbirləri görülə bilər.

 

  1. Töhmət

4.1 Töhmət tələbəyə hərəkət və davranışlarında  yol verdiyi pozuntuların yazılı şəkildə bildirilməsidir. Töhmət aşağıdakı hallarda tətbiq edilir.

4.1.1 Başqalarına qarşı kobudluq, hörmətsizlik və tərbiyəsizlik etmək, başqalarını narahat edəcək şəkildə qışqırmaq, mahnı oxumaq, musiqiyə qulaq asmaq, səs-küy salmaq, ətrafın təmizliyinə riayət etməmək.

4.1.2 Kollec daxilində icazəsiz elanlar, afişa və plakatlar asmaq.

4.1.3 Kollec tərəfindən asılan hər növ elanı qopartmaq, cırmaq, dəyişdirmək, qaralamaq və ya korlamaq.

4.1.4 Hərəkətləri və davranışı ilə dərsin normal gedişini pozmaq, dərsdə mobil telefon  və digər texniki vasitələrdən istifadə etmək.

4.1.5 Mobil telefon və digər texniki vasitələri nəzarətçiyə təhvil vermədən imtahana girmək.

4.1.6 Kollecin divarlarında və əmlakının üzərinə yazı yazmaq, işarələr qoymaq, şəkil çəkmək, onları hər hansı şəkildə korlamaq.

4.1.7 Müxtəlif tədbirlərin keçirilməsinə mane olmaq, tədbir proqramına xələl gətirəcək hərəkətlər etmək.

4.1.8 Kollec daxilində siyasi və dini təbliğatla məşğul olmaq.

4.1.9 İntizam təhqiqatının aparılmasına hər hansı bir şəkildə mane olmaq və ya buna cəhd etmək.

4.1.10 Kollecdən aldığı sənədi (tələbə bileti) başqasının istifadəsi üçün  şərait yaratmaq.

4.1.11 Təkbaşına və qrup şəklində müəllim və rəhbər işçilərin qəbul etdikləri qərarlara qarşı çıxmaq və bununla əlaqədar tələbələr arasında həmin şəxslərə qarşı təbliğat aparmaq və ya belə hərəkətlərə cəhd etmək.

4.1.12 Dil, irq, milli mənsubiyyət, din və məzhəb kimi əlamətlərə görə qütbləşmələr yaradaraq fəaliyyət göstərmək, ayrıseçkilik etmək.

4.1.13 Kollecdə əşyalara, qapı, pəncərə, divar və digər yerlərə ideoloji və ya siyasi xarakterli yazılar yazmaq, şəkil, emblem yapışdırmaq.

4.1.14 Kollec və ona bağlı qurumlarda hər hansı bir siyasi partiyanın lehinə və ya əleyhinə fəaliyyət göstərmək və bununla bağlı müxtəlif təbliğatlar aparmaq.

4.1.15 Təkbaşına və qrup halında kollec daxilində və xaricində kollecin nüfuzuna xələl gətirəcək hərəkətlər etmək.

4.1.16 Kollec və ona bağlı qurumlarda, səlahiyyətli şəxslərdən icazə almadan, müxtəlif tədbirlər təşkil etmək və ya belə belə tədbirlərdə iştirak etmək.

4.1.17 Kollec və ya onun hər hansı bir qurumunu təmsil etmək səlahiyyəti olmadığı halda özünün səlahiyyətli şəxs kimi göstərərək kollecin nüfuzuna xələl gətirən bəyanatlar vermək, iclas və ya tədbirlərdə iştirak etmək.

4.1.18 Kollec binaları və ərazisində qadağan olunmuş yerlərə daxil olmaq.

4.1.19 Qanunsuz fəaliyyət göstərən təşkilatlara üzv olmaq və ya bu təşkilatların lehinə fəaliyyət göstərmək.

4.1.20 Kollecdə qadağan olunmuş yerlərdə siqaret çəkmək.

4.1.21 İmtahanda köçürmək və ya köçürməyə şərait yaratmaq.

4.1.22 Tələbə yazdığı kurs işlərində, buraxılış işlərində plagiata yol verdiyi təqdirdə.

  1. Şiddətli töhmət

5.1 Şiddətli töhmət tələbəyə hərəkət və davranışlarında qüsurlu olduğunun təsbit edildiyinin və təkrar intizam pozuntusunun törədəcəyi təqdirdə daha ağır cəza nəzərdə tutulan müddəaların tədbiq ediləcəyənin bildirilməsidir. Şiddətli töhmət aşağıdakı hallarda tətbiq edilir.

5.1.1 Bu qaydalar 5.1-ci maddəsi ilə müəyyən olunmuş  hallar təkrarən törədildikdə.

5.1.2 Kollec müəllimlərinə və əməkdaşlarına hədə-qorxu gəldikdə.

5.1.3 Kollec daxilində spirtli içkilər içdikdə.

 

  1. Kollecdən xaric etmə (bir semestr, iki semestr və ya daha uzun müddətə)

6.1 Kollecdən xaricetmə – tələbəyə kollecdən 1 semestr, 2 semestr və ya daha uzun müddətə xaric edilməsinin  və bu müddət ərzində tələbəlik hüquqlarından məhrum edilməsinin səlahiyyətli şəxsin əmri əsasında yazılı şəkildə bildirilməsidir. Kollecdən 1 semestr, 2 semestr və ya daha uzun müddətə xaric etmə aşağıdakı hallarda tətbiq edilir.

6.1.1 Şiddətli töhmət almış tələbə tərəfindən təkrarən pozuntu törədildikdə.

6.1.2  Kollecin tələbə, müəllim və əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək.

6.1.3 Bilərəkdən, planlı şəkildə kollecin nüfuzuna xələl gətirən tədbirlər keçirmək, iclaslar, mitinqlər və nümayişlər təşkil etmək, təbliğatlar aparmaq.

6.1.4 Cinayət tərkibli hərəkətlər etmək.

6.1.5 Kollecin işçiləri və ya tələbələrinə qarşı güc tətbiq etmək.

6.1.6 Kollecə aid olan və ya Kollecə təqdim olunan hər hansı digər rəsmi sənəddə imzanı saxtalaşdırmaq.

6.1.7 Kollec sənədlərində dəyişikliklər etmək, başqalarını buna təhrik etmək.

6.1.8 Kollecin informasiya sisteminə müdaxilə etmək, bu yolla məlumat əldə etmək, məlumatlarda dəyişikliklər etmək, sistemin normal fəaliyyətinə xələl gətirmək, başqalarını buna təhrik etmək və belə hərəkətlərə cəhd etmək.

6.1.9 Başqa tələbənin əvəzinə imtahan vermək.

6.1.10 Bilərəkdən başqasının onun əvəzinə imtahan verməsinə şərait yaratmaq.

 6.1.11 Kollecin əmlakına təqsirli hərəkətlərlə ziyan vurmaq, onu talan etmək.

 

VII. İntizam tədbirlərinin tətbiqi qaydaları

7.1 Nizam-intizam qaydalarının pozulması ilə bağlı intizam tədbiqi tətbiq edilməzdən əvvəl tələbədən yazılı izahat alınmalıdır.

7.2 Tələbənin yazılı izahat verib-verməməsindən asılı olmayaraq intizam məsuliyyətinə səbəb ola biləcək pozuntu ilə bağlı maksimum 3 gün, xüsusi hallarda  isə 5 gün müddətinə araşdırma aparılır. Ehtiyac olarsa araşdırma müddəti artırıla bilər. Araşdırma direktorun göstərişinə əsasən və bu məqsədlə yaradılan komissiya tərəfindən aparılır.

7.3 Kollecin bütün tələbələri və işçiləri araşdırma aparan şəxsə və ya komissiyaya lazım olan  bütün məlumat və sənədləri təqdim etməlidirlər.

7.4 İntizam tədbiri hadisənin baş verməsinin aşkar olunduğu gündən 1(bir) ay müddətinə tətbiq edilə bilər.

7.5 Haqqında araşdırma aparılan tələbə kollec daxilində şöbəsini və ixtisasını dəyişə bilməz və başqa kollecə köçürülə bilməz.

7.6 Araşdırma tamamlandıqdan sonra komissiya uyğun hesabat hazırlayır və tələbəyə qarşı hansı bir intizam tədbirinin tətbiq edilməsi barədə şöbə müdirinə yazılı təkliflərini verir. Şöbə müdiri buna əsaslanaraq müvafiq təqdimatı direktora təqdim edir.

7.7 İntizam tədbiri yazılı şəkildə vəzifəli şəxsin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Tələbə əmrlə (sərəncamla, qərarla) 3 gün müddətində tanış edilir. Direktorun əmrləri bütün şöbələrin elanlar lövhələrindən asılır.

7.8 Sərəncam və əmrlərdə tələbənin şərəf və ləyaqətini alçaldan ifadələrin işlədilməsi yol verilməzdir.

7.9 Tələbəyə qarşı görülən intizam tədbiri haqqında məlumat tələbənin şəxsi işinə və transkriptə qeyd edilir.

 

VIII. İntizam tədbiri haqqında qərar qəbul etmə səlahiyyəti olan vəzifəli şəxslər

8.1 Töhmət, şiddətli töhmət və 1 semestr, 2 semestr, və ya daha uzun müddətə kollecdən xaric etmə tədbirləri haqqında uyğun qərar aidiyyatı şöbə müdirinin, komissiyanın təqdimatı ilə direktor tərəfindən verilir.

 

 IX İntizam tədbirindən apelyasiya şikayətinin verilməsi qaydaları

9.1 İntizam tədbiri ilə bağlı rəsmi əmr haqqında tələbəyə məlumat veriləndən 3 iş günü müddətində tələbə apelyasiya şikayəti verə bilər.

9.2 Apelyasiya şikayəti birbaşa direktora ünvanlanır.

9.3 Apelyasiya şikayəti ilə bağlı direktor tərəfindən Apelyasiya Komissiyası yaradılır və 5 iş günü müddətində araşdırma aparılır. İlkin araşdırmada iştirak edən şəxslər Apelyasiya Komissiyasının üzvi ola bilməzlər.

9.4 Apelyasiya Komissiyası şikayəti araşdırır və intizam tədbiri ilə bağlı verilən qərarın qüvvədə saxlanması, ləğv edilməsi  və ya ona dəyişikliklər edilməsi barədə tövsiyyələrini verir.

9.5 Apelyasiya Komissiyasının tövsiyyələrinə əsasən direktor son qərar verir və bu qərar qətidir.

9.6  Tələbə intizam tədbiri tətbiq edildiyi gündən 1 il ərzində yenidən intizam məsuliyyətinə cəlb edilməmişdirsə, intizam məsuliyyətinə ümumiyyətlə cəlb edilməmiş sayılır.

9.7 Dərslərində və davranışlarında yaxşı göstəricilərə görə intizam tədbiri 6 aydan sonra vaxtından əvvəl götürülə bilər.

  • TƏLƏBƏLƏRİN NİZAM İNTİZAM QAYDALARINI BURADAN YÜKLƏYƏ BİLƏRSİZ.