20 yanvar hadisələrinin 32-ci ildönümü

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin 32-ci ildönümüdür. 20 Yanvar Azərbaycan xalqının həm hüzn, həm də şərəf günüdür. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin rəhbərliyi, müəllim və tələbə heyəti metronun “20 Yanvar” stansiyasının yaxınlığında şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksi qarşısında təşkil olunmuş matəm mitinqində iştirak etmişlər və abidə önünə əklil və gül dəstələri qoymuşlar.

       Həmçinin “20 yanvar” faciəsinin 32-ci ildönümü ilə bağlı “Microsoft Teams” platforması üzərindən onlayn formatda tədbir keçirilmişdir. Kollecin müəllim heyəti və tələbələrin iştirakı ilə şəhidlərə həsr olunmuş anım tədbirində 20 Yanvar şəhidlərinin timsalında bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən kollecin direktoru, f.r.e.n dosent Bəxtiyar Bəxtiyarov  tədbirin 32 il öncə baş vermiş və tariximizdə mühüm əhəmiyyət kəsb edən bir hadisəyə həsr olunduğunu qeyd edib. O, bildirib ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

        Sonra isə tədbiri tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov  davam edərək bildirdi ki, 1990-cı ilin 20 yanvar tarixi Azərbaycanın azadlığına, azərbaycançılıq məfkurəsinin bir ideologiya kimi formalaşmasına yönəlmiş ən ciddi aksiya və Azərbaycan xalqının öz müstəqilliyinə qovuşmaq cəhdi idi. Bu yolda öz canından keçən çox sayda vətəndaşlarımız olub. O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham etmiş, kəskin bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.

      20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı oldu.

     O faciəli günlərdən artıq 32 il keçir. 32 ildir ki, Dağüstü parkdakı Şəhidlər xiyabanı və Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış “Əbədi məşəl” xatirə kompleksi xalqımızın ən möhtəşəm ziyarətgahına, ən müqəddəs and yerinə çevrilib.

     Sonda 20 yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir