“Dövlət rəmzlərinə hörmət” mövzusunda onlayn tədbir keçirilmişdir

   27 noyabr 2021-ci il tarixdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllim və tələbələrinin iştirakı ilə “Dövlət rəmzlərinə hörmət” mövzusunda onlayn tədbir keçirilmişdir. Tədbir tələbələrin ifasında Dövlət Himninin səslənməsi ilə açılmışdır. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Məmmədov Şahmurad çıxış edərək bildirmişdir ki, dövlət rəmzləri dövlətin rəsmi fərqləndirici əlamətlər sayılır və onlar bir çox dövlətlərin konstitusiyasında öz əksini tapmışdır. Məhz demokratik, hüquqi respublika olan Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində Azərbaycan dövlətinin rəmzləri təsbit olunmuşdur: “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir”.

Müasir dövrdə daha da təkmilləşdirilən milli atributlarımız bir sıra funksiyalar daşıyır. Dövlət rəmzləri Azərbaycan Respublikasını beynəlxalq hüququn subyekti kimi beynəlxalq təşkilatlarda fərqləndirir və tanıdır. Eyni zamanda, dövlətimizin beynəlxalq aləmə inteqrasiyasının əsas strategiyasını özündə ehtiva edir.

Ümummilli liderimiz Heydər Əliyev dövlət rəmzləri ilə bağlı demişdir: “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir…”.

Şahmurad müəllim çıxışının sonunda müəllifi olduğu Azərbaycan şeirini səsləndirmişdir.

            Azərbaycan!

Odlar yurdu, od püskürür nəfəsindən
Şöhrətinə baş əyirəm Azərbaycan!
Artıq dünya hesablaşır haqq səsindən
Qüdrətinə baş əyirəm, Azərbaycan!

Sən azadsan, öz mövqeyin, öz yerin var
Sən ulusan Qorqud boyda əsərin var
Bəxtiyarsan Heydər kimi öndərin var
Dövlətinə baş əyirəm, Azərbaycan!

Müqəddəsdir bu torpağın hər qarışı
Bir tarixdir Qobustanda qaval daşı
Hər tərəfin qara qızıl, addımbaşı
Sərvətinə baş əyirəm, Azərbaycan!

Müstəqillik əbədidir sönən deyil
Bayrağımız yüksəklikdən enən deyil
Arxamızda Türkiyədir dönən deyil
Hörmətinə baş əyirəm, Azərbaycan!

Tanrı səni qoruyubdur, yar olacaq
Torpağına göz dikənlər kor olacaq
Çox az qalıb, bu daşnaklar xar olacaq
Zəhmətinə baş əyirəm, Azərbaycan!

Şahmuradam bir cənnətdir mənim ölkəm
Rəhbər dahi, qanun ali, ordu möhkəm
Əl tətikdə sərhəddində keşik çəkən
Mehmetinə baş əyirəm, Azərbaycan!

Sonra hərbi rəhbər Oktay Salayev çıxış edərək qeyd etmişdir ki, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət rəmzlərinə hörmət etmək hər bir Azərbaycan vətəndaşının müqəddəs bir borcudur. Rəmzlər bir dövlətin var olmasını bildirən amillərdir. 

Tədbir tələbələrin çıxışları ilə davam etmişdir. Vətənə məhəbbət, dövlət rəmzlərinə hörmət, milli mənəvi dəyərlərə olan xoş münasibət tələblərin hər çıxışında öz əksini tapmışdı. 

Sonda Şahmurad müəllim tədbirdə iştirak və çıxış edənlərə rəhbərlik adından minnətdarlığını bildirdi. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir